KRİMİNAL XRONİKA

Xəzər RPİ-nin əməkdaşları tərəfindən...

31.05.2017

Xəzər RPİ-nin əməkdaşları tərəfindən ötən il oktyabrın 6-da Bakı şəhər sakini İsmayıl Cəfərovdan 12500 manat dəyərində inşaat materiallarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini İlkin Əliyev tutulub.
 
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ RPİ 10-cu və 38-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib. Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması  da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən mayın 30-da Sabunçu qəsəbəsi ərazisindəki evlərdən birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakini Ramil Şəfəqqətov tutulub.
 
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 27-də Bakı şəhər sakini Bela Hüseynovaya məxsus "Hyundai" markalı avtomobildən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Rzaqulu Allahquluyev tutulub.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da Səbail rayonu ərazisindəki kafelərdən birindən açıq talama yolu ilə 400 manat pul aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Quliyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazalardan birində satıcı işləyən Yadulla Əsədovdan soyğunçuluq yolu ilə 450 manat pul alması da müəyyən edilib.

Mayın 31-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Elçin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nargül Əmirovanı və nəvəsi 14 yaşlı Qorxmaz Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Əmirova orada ölüb, azyaşlının vəziyyəti orta-ağırdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır
 
Mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.