KRİMİNAL XRONİKA

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Gülnarə Novruzovanın ətrafında...

02.07.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması da müəyyən edilib.
 
İyunun 1-də saat 7 radələrində Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun "Azadlıq" stansiyası istiqamətində qaçmağa başlayıb.  

Həmin şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Rəhim Səfərov olması müəyyən edilib.

R.Səfərov Binəqədi RPİ 5-ci PB-yə təhvil verilib. 

İyulun 2-də Bakı şəhər sakini Ayxan Dadaşov Xəzər RPİ 2-ci PB-yə müraciət edərək iyulun 1-də Buzovna qəsəbəsi ərazisindən "Renault" markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin həmin gün Salyan rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Görülən tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılıb, onu idarə edən rayon sakini Rəsul İlyasovla birlikdə Xəzər RPİ 2-ci PB-yə təhvil verilib.

Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən iyunun 17-də rayon ərazisindəki kafelərdən birindən Bakı şəhər sakini olan bir qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Əfqan Babayev tutulub.