KRİMİNAL XRONİKA

Noyabrın 9-da saat 19 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində...

10.11.2017

Noyabrın 9-da saat 19 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Astara rayon sakini Fəqan Hüseynzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Sərvər Muradovu vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 10-da orada ölüb. Araşdırma aparılır.

Noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti  orta-ağırdır. Araşdırma aparılır.

Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilindiyinə görə tutulan Ramin Hacıyevin ətrafında Nərimanov RPİ 17-ci PB–nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 evdən velosiped, 1 qarajdan, 1 avtomobildən və 2 nəfərin ciblərindən pul, mobil telefon və digər əşyalar oğurlaması da müəyyən edilib.

Noyabrın 9-da Bakı şəhər sakini Z.Arefyevayanın içərisində 180 manat, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Quba rayon sakini Samir Quliyev və Masallı rayon sakini Tərlan Abbasov Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Noyabrın 10-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 2 ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Əlizadə 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.