KRİMİNAL XRONİKA

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB əməkdaşlarının...

12.11.2017

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 16-da paytaxt sakini Bəxtiyar Mehrəliyevin içərisində 1350 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Salahov tutulub.

Noyabrın 7-də Sabunçu rayonunun  Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Razi Quliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Etibar Ağalarovu vurub. Xəstəxanaya yerləşdirilən  piyada  noyabrın 12-də orada ölüb.  Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Cari il sentyabr ayının 26-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Çələbiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazxanım Hacıyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 12-də orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 11-də saat 7.00 radələrində Pirallahı rayonunun Cilov-adası qəsəbə sakinləri Fikrət Hüseynzadə və Sehran Qurbanov balıq tutmaq üçün qayıqla dənizə çıxıblar. Qayıq həmin gün saat 13 radələrində dənizdə çevrilmiş halda aşkar edilib. F.Hüseynzadə və S.Qurbanovun meyitləri sudan çıxarılıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Xətai rayonu ərazisində paytaxt sakini olan bir qadının  içərisində 557 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İskəndərov tutulub.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazaların birindən 622 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub. Ətraflarında aparılan tədbirlərlə onların cari il oktyabrın 17-28-də rayon ərazisində daha 1 mağazadan 9020 manat, əyləncə mərkəzindən 169 manat və mobil telefon, gözəllik salonundan isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.