KRİMİNAL XRONİKA

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

05.12.2017

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 150 kiloqram metal qırıntıları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kazım Kazımlı saxlanılıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən oğurluğa cəhd göstərən, habelə cari ilin iyun-noyabr ayları ərzində 4 mağazadan pul, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lerik və Yevlax rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Nəqliyyat vasitəsi qaçırdığına görə saxlanılan Şahin Cavadovun ətrafında Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-də Anar Hüseynova məxsus avtomobildən oğurluğa cəhd göstərməsi, Samir Nəbiyevə məxsus motosikleti oğurlaması, habelə dekabrın 3-də Əlizamin Mehdizadəyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.