KRİMİNAL XRONİKA

Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində...

11.12.2017

Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü olaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olmuşdur. Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülmüşdür. Araşdırma aparılır.

Dekabrın 11-də saat 21 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində naməlum səbəbdən yanğın baş vermişdir. Nəticədə 15 kvadrat metr sahədə məişət tullantıları yanmışdır. Yanğın söndürüldükdən sonra Culfa rayon sakini, tüfeyli həyat tərzi keçirən Zeynal Səfərovun üzərində zorakılıq əlaməti görünməyən və tüstüdən boğulmuş meyiti tapılmışdır.

Sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən dekabrın 11-də saxlanılmışlar.