KRİMİNAL XRONİKA

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri keçirilib...

14.12.2017

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən  içərisində 100.000 manat olan seyfin oğurlandığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyev tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. 
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən 4300 manat, 80 ABŞ dolları və 500 lari, habelə qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ənvər Hüseynov saxlanılmışdır.

Dekabrın 13-də Xəzər rayonu ərazisindəki evlərin birindən 170 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini Sergey Qarbunov Xəzər RPİ  2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Bakı şəhər sakini Vüsal Qasımova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur Əhmədov Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.