KRİMİNAL XRONİKA

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda...

15.12.2017

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb. 

Belə ki, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.  

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib. 

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 “Topaz” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib. 

Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd “playstation” kompyuteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabr ayından dekabrın 11-dək olan müddətdə rayon ərazisində 3 evdən, telefon qovşağından  və 1 kafedən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Baqautdinov saxlanılmışdır. 

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən dekabrın 1-də rayon ərazisindəki peşə məktəbindən 2 ədəd xalça və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Quliyev saxlanılmışdır. 

Dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir. 
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.