KRİMİNAL XRONİKA

Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində...

30.12.2017

Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qiyas Abbasov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 28-də rayon ərazisində “Mercedes” markalı avtomobildən noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Emin Zaxarov, Neftçala rayon sakini Yasər Gözəlov və Astara rayon sakini olan bir yeniyetmə saxlanılmışlar.

Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən dekabrın 29-da rayon ərazisindən 2 avtomobil qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini  Nikolay Stepanov saxlanılmışdır.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Teymur İsmayılovun və Balaxan Ağayevin ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların bu ilin aprel-noyabr ayları ərzində rayon ərazisində 1 evdən oğurluğa cəhd göstərmələri, 1 avtobusun dövlət qeydiyyat nişanlarını, 1 nəfərin mobil telefonunu, 3 avtomobildən akkumulyator, habelə  3 həyətyanı sahədən ərzaq məhsulu və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Dekabrın 30-na keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərdən birinin həyətindən su mühərriki və ev əşyaları oğurlanmışdır.
Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən görülən tədbirlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Murquzov saxlanılmışdır. Ondan 1 ədəd “SPŞ” markalı fişəngatan, 1,514 qram həşiş və 0,245 qram marixuana götürülmüşdür.

Dekabrın 30-na keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazaların birindən  3 ədəd mobil telefon oğurlanmışdır. 
DİN ƏÇPA və Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri olan 2 yeniyetmə saxlanılmışdır.

Dekabrın 29-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 125 manat pul olan çantasını soyğunçuluq yolu ilə aparmışdır.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılmışdır.