KRİMİNAL XRONİKA

Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

12.01.2018

Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki evlərin birindən mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Kərimov və Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənbəyli saxlanılmışlar. 

Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yanvarın 12-də C.Naxçıvanski küçəsində yerləşən bazarda Bakı şəhər sakini S.Babayevanın çantasından içərisində 139 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Sevda Qənbərova saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 280 ABŞ dolları və 40 avro, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Axundov saxlanılmışdır.  

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən N.Niftəliyevanın qohumu, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib. 29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb. Araşdırma aparılır.