KRİMİNAL XRONİKA

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

27.03.2018

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-dən martın 11-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən pul, akkumulyator, geyim və məişət əşyaları, habelə M.Mustafayevanın içərisində 113 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Əlixanov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində 7 avtomobildən akkumulyator, bir  evdən 200 metr elektrik naqili və bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məhərrəmov saxlanılmışdır.

Martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılmışdır.

Martın 27-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Göyçay rayon sakini Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən ölkəmizə tusist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevral ayının 27-dən mart ayının 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Şıxəliyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.