KRİMİNAL XRONİKA

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və...

18.04.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən noutbuk, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə rayon ərazisində avtomobillərdən, mağazadan və müxtəlif inzibati binalardan 9 nəfərə məxsus mobil telefonlar, planşet, telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Spartak Salahov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki evlərin birindən 2100 manat və 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İkram Hüseynov və Bəylər Şükürov saxlanılmışlar.

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində A.Əliyevaya məxsus avtomobildən 50 manat və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cahangir Səlimov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan aprelin 2-dək olan müddətdə rayon ərazisindəki 1 həyətdən, 1 torpaq sahəsindən və 1 nəfərin çantasından ərzaq məhsulları, su mühərriki və su nasosu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Çernyavski saxlanılmışdır.