KRİMİNAL XRONİKA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən...

27.04.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib. Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır. 

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 26-da əcnəbi vətəndaş Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktor Çekunov saxlanılmışdır.

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aprelin 6-da rayon ərazisindəki marketlərin birindən 1420 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əşrəf Hüseynov saxlanılmışdır.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Fərzəliyevdən “Makarov” markalı tapança, 2 ədəd güllə darağı və 14 ədəd patron, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Şirvan şəhər sakini Orxan Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Sabunçu rayonunun Nardaran qəsəbə sakini İsmayıl Allahverdiyev “İJ-16” markalı nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.