KRİMİNAL XRONİKA

Mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini...

01.05.2018

Mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etmişdir. Nəticədə Z.İbrahimova hadisə yerində ölmüş, E.Əliyev isə xəstəxanaya yerləşdirilmişdir.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən  12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.  
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən fevralın 2-də rayon ərazisindəki mağazaların birindən  mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev saxlanılmışdır. Onun bir qadının mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Bakı Şəhər Baş Polis İdarəsinin  Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini Vadim Breusun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu və çəkisi 177 qramdan artıq qurudulmuş, 150 qram isə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür.