KRİMİNAL XRONİKA

Mayın 4-də saat 18 radələrində Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında...

05.05.2018

Mayın 4-də saat 18 radələrində Qaradağ  rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi “Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi “Hyundai” markalı avtomobilə vurmuşdur. Nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.   

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağısını və  Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. 

Yevlax RPŞ və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 6-da Abbas Abışlıya məxsus “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini Zülfüqar Kosayev Xətai rayonu ərazisində saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində rayon ərazisindəki 1 evdən və 1 avtomobildən su mühərriki və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Həsənov saxlanılmışdır.