KRİMİNAL XRONİKA

Mayın 7-dən 10-dək olan müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətindən...

11.05.2018

Mayın 7-dən 10-dək olan müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətindən inşaat materialları oğurlanmışdır. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 5 nəfərdən ibarət dəstə saxlanılmışdır. Onların birindən 1,806 qram heroin götürülmüşdür. Ətraflarında aparılan tədbirlərlə onların mayın 10-da daha 2 evdən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurlamaları da müəyyən edilmişdir. 

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da rayon ərazisindəki mağazaların birindən tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Həsənov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun daha 2 mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 8-də  rayon ərazisindəki evlərin birinin həyətindən 110 metr dəmir boru oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Dilqəm Bağırov saxlanılmışdır.

Fevralın 21-də Bakı şəhər sakini R.Eyyubovun 250 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kənan Əlili Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.