KRİMİNAL XRONİKA

Mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə...

28.05.2018

Mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

Mayın 28-də saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Babək Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq Yusifovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Etibar Kərimovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-da  rayon ərazisindəki evlərin birindən 1350 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də B.Vəlizadənin içərisində 50 manat və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini  Eltun Qurbanzadə saxlanılmışdır.

Oğurluq etdiklərinə görə tutulmuş Sahib Əsədullayevin və Mikayıl Əsədullayevin ətraflarında Yasamal RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların M.Müşfiq küçəsində yerləşən qəbristanlıqdakı məzarlardan birinin üzərindən bürünc büst və güldan oğurlamaları da müəyyən edilmişdir.