KRİMİNAL XRONİKA

İyunun 6-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri...

07.06.2018

İyunun 6-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandıqlarını bildiriblər. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub. Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib. Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Oğurluq etdiyinə görə tutulmuş Elmir Fərəcovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 3-dən martın 20-dək olan müddətdə paytaxt sakinləri olan üç nəfərə məxsus mobil telefonları oğurlaması da müəyyən edilmişdir.

 

Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülmüşdür.

 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Q.Zeynalovanın 90 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Quliyev saxlanılmışdır.