KRİMİNAL XRONİKA

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində...

20.06.2018

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum olunmuş paytaxt sakini Emil Məstənov olduğu müəyyən edilib, onun digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayon ərazisində daha 3 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

İyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirmişdir. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölmüş, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılmışdır. 

İyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölmüş, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilmiş, İ.Əliyev orada ölmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Rəvan Abdullayevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 1600 manat oğurlaması da müəyyən edilmişdir.