KRİMİNAL XRONİKA

İyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini...

20.07.2018

İyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurmuşdur. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Binəqədi RPİ 40-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılmışdır. 

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da H.Quliyevə məxsus “VAZ-2109” markalı avtomobildən maqnitofon, səsgücləndirici və akkumulyator oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aydın Azadov saxlanılmışdır.

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib. Araşdırma aparılır.