KRİMİNAL XRONİKA

İyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs...

27.07.2018

İyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu almışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin fevral-mart ayları ərzində rayon ərazisində 3 evdən televizor, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması müəyyən edilmişdir.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Fəqani Soltanov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də rayonun Ə.Naxçıvani küçəsindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Salmanov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindən daha 3 velosiped oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də Bakı şəhər sakini Namiq Binnətovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mazda” markalı avtomobilin sürücüsü, paytaxt sakini Malxos Uzunolov saxlanılmışdır.