KRİMİNAL XRONİKA

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

28.08.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 30-da rayon ərazisində “Daewoo” markalı avtomobildən 347 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş  Mehdi Cəfərov saxlanılmışdır.

Avqustun 14-də paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılmışdır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Qobustan qəsəbəsi ərazisində yolun kənarında divarlara quraşdırılmış alüminiumdan olan 9 ədəd barmaqlığı çıxarıb oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ramin Şirinov və Qax rayon sakini Kamran Veysəlov saxlanılmışlar.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Namiq Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il iyunun 21-də Bakı şəhər sakini E.Balakişiyevə məxsus, içərisində 300 manat və sənədlər olan pulqabını oğurlaması da müəyyən edilmişdir.

Avqustun 28-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini E.Hüseynovu döyüb 32 manat pulunu və mobil telefonunu almışdır. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynov saxlanılmışdır.

Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilmiş, R.Məhərrəmov orada  ölmüş, T.Babayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.