KRİMİNAL XRONİKA

Nərimanov RPİ 16-cı PB və Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

29.08.2018

Nərimanov RPİ 16-cı PB və Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompyuter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılmışlar.
Avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölmüş, Leylanın vəziyyəti isə ağırdır. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılmışdır.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ  dolları və 1700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılmışdır.
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən qızıl əşyalar, iki avtomobildən  pul və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.
Avqustun 29-da saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Teymur Ağayev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuş və nəticədə sürücü hadisə yerində ölmüşdür.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini olan bir nəfərin içərisində mobil telefon, açar və kosmetik əşyalar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Abşeron rayon sakini Müqabil Əliyev saxlanılmışdır.