KRİMİNAL XRONİKA

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən...

12.10.2018

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən  Bakı şəhər sakini Çingiz Feyzullayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən  saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə sentyabr ayı ərzində rayon ərazisində 3 nəfərin  velosipedlərini oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılmışlar. Faktla bağlı araşdırmalar aparılır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir. Faktla bağlı araşdırmalar aparılır.