KRİMİNAL XRONİKA

Yasamal RPİ 27-ci PB və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

27.10.2018

Yasamal RPİ  27-ci PB və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 22-də A.Məmmədovanın çantasından 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbuhi Hüseynov saxlanılmışdır. 

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Muradovun həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Rəhman Məhərrəmov saxlanılmışdır.

Oktyabrın 27-də saat 22 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Ağdam rayon sakini Məhəmməd Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 28-də orada ölmüşdür.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-dan 27-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Akulov saxlanılmışdır.