KRİMİNAL XRONİKA

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

31.10.2018

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb. Araşdırmalar aparılır.

 

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi iləaxtarışda olması da müəyyən edilib. Araşdırmalar aparılır. 

 

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə  Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Rəşad Bayramov saxlanılıb.

 

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş  müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb. Araşdırma aparılır. 

 

Oktyabrın 31-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır