KRİMİNAL XRONİKA

Noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə...

10.11.2018

Noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində  müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir. 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-dan noyabrın 6-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 20-də paytaxt sakini olan bir qadının çantasından 380 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 11-də Bakı şəhər sakini Vüqar İsgəndərovun 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Əkbərov saxlanılmışdır.

Noyabrın 10-da saat 4 radələrində Nəsimi rayonu ərazisində Ağdam rayon sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elnur Əliyev xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə paytaxt sakini Namiq Cəfərova xəsarət yetirib hadisə yerini tərk etmişdir. N.Cəfərov xəstəxanaya yerləşdirilmişdir. Nəsimi RPİ 20-ci PB keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılmış və ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı tüfəng götürülmüşdür.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da rayon ərazisində 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Hüseyn Zülfüqarov saxlanılmışdır.

Noyabrın 8-də Xəzər rayonu ərazisində naməlum şəxs paytaxt sakini S.Orucovaya zor tətbiq edib mobil telefonunu almışdır. 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini Asif Rəfiyev saxlanılmışdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.