KRİMİNAL XRONİKA

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

19.11.2018

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən E.İsayevin digər analoji əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır. 

Noyabrın 19-da “Koroğlu” stansiyasında Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. 

Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1  kafedən, 1 evdən və 1 həyətyanı sahədən 1350 manat pul, kombi və soyuducu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Xəyyam İsmayılov, İlqar Salmanov və Emin Nağıyev  saxlanılmışlar.