KRİMİNAL XRONİKA

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində...

28.11.2018

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov olduğu müəyyən edilib. 

Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə müəyyən edilərək saxlanılıb. 

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 12-də rayon ərazisindəki 2 mağazadan pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ceyhun Abbasov saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Rəhman Dadaşzadənin ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 24-də rayon ərazisindəki apteklərin birindən 1200 manat oğurlaması da müəyyən edilmişdir. 

Noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurmuşdur. Nəticədə N.Bəndəliyev hadisə yerində ölmüş, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdirilmişlər. Səbail RPİ tərəfindən araşdırma aparılır. 

Noyabrın 28-də saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini Elnur Şahbazov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Aybəniz Zeynalovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən İmişli rayon sakini Elvin Həmzəyev saxlanılmışdır.