KRİMİNAL XRONİKA

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

01.12.2018

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də M.K.Atatürk prospektindəki köşklərdən birindəki satıcını bıçaqla hədələyib oradan 1200 manat və tütün məmulatı aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əkbərov saxlanılmışdır. 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisində 3 avtomobildən pul, təzyiqölçən aparat, mobil telefon, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa və quldurluğa görə məhkum olunmuş Elvin Ağaverdiyev saxlanılmışdır. 

Dekabrın 1-də saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşmuşdur. Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölmüş, bir nəfər isə xəstəxanaya yerləşdirilmişdir. Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.