KRİMİNAL XRONİKA

Dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən...

05.12.2018

Dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən mərmər sexinə gəlmiş 4 nəfər naməlum şəxs orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanmışdır.  Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılmış, digərlərinin isə şəxsiyyətləri müəyyən edilmişdir. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 4-də rayon ərazisindəki evlərin birindən 400 manat dəyərində qızıl boyunbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cahangir Dövlətov saxlanılmışdır. 

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən cari il avqustun 10-da paytaxt sakini olan bir nəfərin cibindən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Mirzəyev saxlanılmışdır. 

Narkotik vasitə ilə tutulmuş Anar Quliyevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 1-də Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Hüseynova hədə-qorxu gəlib 140 manat pulunu alması da müəyyən edilmişdir. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayon ərazisindəki mağazaların birindən 408 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Kamran Hasilov saxlanılmışdır. 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il oktyabrın 16-da rayon ərazisindəki mağazaların birindən 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Masallı RPŞ tərəfindən borclu şəxs qismində axtarışda olan Rauf Salayev saxlanılmışdır.