KRİMİNAL XRONİKA

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin...

06.12.2018

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. 

Dekabrın 6-da Bakı şəhər sakini B.Əliyev Binəqədi rayonu ərazisində bağban işlədiyi həyətdə qazıntı işləri apararkən orada torpağa basdırılmış sellofan paketin içərisində 1 ədəd alışqansız “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə taparaq 5-ci Polis Bölməsinə təhvil vermişdir. 

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da paytaxt sakini olan bir qadının çantasından 50 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Abbasov saxlanılmışdır.