KRİMİNAL XRONİKA

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri...

09.12.2018

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb. Onun digər analoji əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.  A.Axundovun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 9-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 8000 manat dəyərində parfümeriya məhsulları oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan 2 yeniyetmə  saxlanılmışlar.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 13-də paytaxt sakini A.İsmayılovun içərisində 1450 manat, sənədlər və qol saatı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Rüstəmov saxlanılmışdır.

Dekabrın 5-də Nəsimi rayonu ərazisində  “Haojue” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini Lətif Rəsulov motosikletlə birgə 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Dekabrın 9-da saat 22 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Bəhram Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.