KRİMİNAL XRONİKA

Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun...

14.12.2018

Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 2362 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də metronun “Nizami” stansiyasının girişində Abşeron rayon sakini olan qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev saxlanılmışdır.

Dələduzluğa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov RPİ 16-cı Polis Bölməsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb. Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları,  Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – paytaxt sakini V.Bağırova saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Əmirov saxlanılmışdır.

Qaradağ RPİ 11-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin aprel ayında Qobustan qəsəbəsindəki evlərin birindən qonşu qadına məxsus 2000 manat dəyərində qızıl boyunbağını oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu Qiyas Balayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Elbrus Sultanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 24-də rayon ərazisində daha bir evdən 750 manat oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Mustafa Sarıyevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 1 avtomobildən 200 manat pul və 2 ədəd ətir oğurlaması, habelə 1 qadına qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.