KRİMİNAL XRONİKA

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

17.12.2018

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə dekabrın 17-də marşrut avtobusunda Bakı şəhər sakini T.Rüstəmovun cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar Nərimanov RPİ-də araşdırma aparılır. 

Suraxanı rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən  saxlanılıblar. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 8 avtomobildən təkər üzlükləri və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və Bakı şəhər sakini Rəvan Cəfərov saxlanılıblar. Araşdırma aparılır. 

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən cari il avqustun 1-də rayon ərazisindəki ofislərin birindən 3000 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılmışdır.