KRİMİNAL XRONİKA

Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində...

19.12.2018

Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Bakı  şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində cibindən 500 manatının oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. 

Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 11 nəfər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində müvafiq tədbirlər görülmüşdür.

Dekabrın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Mais Ərzimanov idarə etdiyi “VAZ-2110” markalı  avtomobillə yolu keçən paytaxt sakini Məhəbbət Məmmədovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 19-da saat 21 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Dimitri Dadaşov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 18-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Elvin Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun hərəkət hissəsində dayanmış Bakı şəhər sakini Sevda Mürsəlliyə məxsus “BMW” markalı avtomobilə arxadan vurmuşdur. Nəticədə hər iki sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilmişlər. E.Əliyev orada ölmüşdür.     
Faktla əlaqədar cinayət işi başlanmışdır.