KRİMİNAL XRONİKA

Dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini...

23.12.2018

Dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirmişdir. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Firuddin Baxşəliyevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun tikinti şirkətlərinin birinə məxsus “Doosan-255” markalı traktorun üzərindən 4000 manat dəyərində ehtiyat hissələri və akkumulyator, 3 evdən pul, qızıl və məişət əşyaları, “Bakcell” MMC-yə məxsus baza stansiyasından 4 ədəd akkumulyator, 1 nəfərin 12.780 manatını oğurlaması,  habelə S.Babayevə məxsus “VAZ-21053” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən dekabrın 21-də paytaxt sakini olan bir qadının içərisində pul və şəxsiyyət vəsiqəsi olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Abbasov saxlanılmışdır.

Dekabrın 23-də saat 14 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan qayınanası M.İsmayılova orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.