KRİMİNAL XRONİKA

Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisindəki...

30.12.2018

Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birində masallı rayon sakini Ülfət Ağayevdən 1800 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.

Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində  metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında Bakı şəhər sakini C.Allahverdiyevdən 4225 ədəd, Naxçıvanski küçəsində yerləşən bazarda isə Cəlilabad rayon sakini A.İmanovdan 1817 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Namaz Namazovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Röyal Hüseynov saxlanılmışdır.

Dekabrın 29-na keçən gecə Bakı şəhər sakini Ələddin Məhərrəmova məxsus “Niva” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə həmin avtomobilin üzərinə kustar üsulla hazırlanmış nömrə taxılaraq idarə edilməsi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi Badamdar qəsəbəsinin ərazisində Bakı ŞBPİ DYPİ və Xətai RPİ 35-ci Polis Bölməsinin əməkadaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı ona məxsus dövlət qeydiyyat nişanları aşkar edilmişdir. Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Talıb Hüseynəliyev saxlanılaraq Xətai RPİ-yə təhvil verilmişdir. Araşdırmalarla onun dekabrın 23-nə keçən gecə Bərxudar İbadova məxsus “Niva” markalı avtomobili qaçırması və dövlət qeydiyyat nişanlarını çıxardıqdan sonra Xətai rayonu ərazisində ataraq getməsi də müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təranə İbrahimovaya məxsus içərisində 40 manat pul və bankomat kartları olan çantanı soyğunçuluq yolu ilə almış Bərdə rayon sakini olan bir azyaşlı saxlanılmışdır.