KRİMİNAL XRONİKA

Yanvarın 14-də Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edən...

14.01.2019

Yanvarın 14-də Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək  polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı  araşdırma aparılır. 

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb. Yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Səbail RPİ-də araşdırma aparılır.

Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayında Maştağa qəsəbə sakini bir qadını aldadıb 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də paytaxt sakinləri olan 2 nəfərin hər birindən dələduzluq yolu ilə 2500 manat almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 13-də Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki mağazadan 154 manat dəyərində telefon yaddaş kartını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nicat Rzayev saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılmışdır.