KRİMİNAL XRONİKA

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs...

16.01.2019

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.  Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.  

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən  6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.