KRİMİNAL XRONİKA

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

17.01.2019

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” və “Opel” markalı avtomobillərdən pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Ələkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində daha  5 avomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır.
 
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının avtomobillərdən oğurluq etdiyinə görə tutulmuş Füzuli rayon sakini Ramiz Məmmədovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisində  daha 3 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır. 

Qaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub. Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib. Araşdırma aparılır.

Yanvarın 17-də saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ 23-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Keşlə qəsəbəsi ərazisində bir qadına zor tətbiq edərək içərisində pul və maaş kartı olan çantasını almaqda şübhəli bilinən Şamaxı rayon sakini Tural İsrafilov saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da paytaxt sakini olan bir qadının çantasından 400 manat və sənəd oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş T.Məmmədova və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağaməmmədova saxlanılmışlar.