KRİMİNAL XRONİKA

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının ...

20.01.2019

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından 122742 manat və 1200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkasator işləyən Bakı şəhər sakini İlqar Əlixanov saxlanılmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülmüşdür.

Yanvarın 20-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən yanvarın 19-da rayon ərazisindəki evlərin birindən mebel, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramal Həsənov saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da və 19-da rayon ərazisindəki 2 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Ağayev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 13-də rayon ərazisində 4  avtomobildən noutbuk, mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılmışdır.