KRİMİNAL XRONİKA

Yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki...

22.01.2019

Yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Aslanov saxlanılıb. Araşdırma aparılır.

Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 18-də paytaxt sakini olan bir nəfərin cibindən 2500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Şahavədli saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-dan noyabrın 4-dək olan müddətdə 2 avtomobildən maqnitofon və akkumulyator, 1 evdən su sayğacı oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini Xalid Əbdülməmmədov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Filmanova məxsus “ZİL” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Məmmədov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən yanvarın 5-də paytaxt sakini olan bir qadının içərisində 350 manat və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Ağammədova saxlanılmışdır.

Yanvarın 22-də saat 4 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Babayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də 7-ci Alatava küçəsindəki evlərin birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Kərimov saxlanılıb.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərdən birini yandırmaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Kamran Vəliyev də saxlanılıb.