KRİMİNAL XRONİKA

Yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini...

27.01.2019

Yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi  “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.  

Nizami RPİ-nin 25-ci Polis Şöbəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki mənzillərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmış qrupun digər üzvü, Lənkəran rayon sakini N.Niftullayev də müəyyən edilərək saxlanılmışdır.

Yanvarın 25-də saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Araşdırma aparılır.

Yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır. 

Polis əməkdaşları tərəfindən 5 il əvvəl törədilmiş oğurluq faktının üstü açılıb. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən icərisində 2270 ABŞ dolları və 130692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılmışdır.