KRİMİNAL XRONİKA

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə...

08.02.2019

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub. Zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.
 
Bakı şəhər sakini N.Xudiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək Zabrat qəsəbəsindəki evindən oğurluq edilməsini bildirmişdir. Məlumatla əlaqədar dərhal 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib. Araşdırmalar zamanı evdən 58 manat pul, 2 ədəd ətir və 2000 manat dəyərində qızıl əşyaların oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onların  Bakı şəhər sakinləri E.Osmanov və əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş M.Paşayev olmaları, həmçinin  M.Paşayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilmişdir. Onların üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
 
Nəsimi RPİ 19-cu PŞ və Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 12-dən 28-dək olan müddətdə Nəsimi rayonu ərazisində bir taxta sexindən təmir-tikinti alətləri və bir nəfərə məxsus 55 manat pul və geyim əşyaları, habelə əcnəbi vətəndaşın işlətdiyi geyim mağazasının divarına quraşdırılmış kondisionerin mis borusunu oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə məhkum olunmuş A.Rəşidzadə saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 5-nə keçən gecə Binəqədi rayonu ərazisindəki mağazaların birindən geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyi üçün tutulmuş V.Səmədovun ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazsisindəki 2 evdən pul, noutbuk və məişət əşyaları, 1 qarajdan velosiped, habelə ABŞ vətəndaşı Kystel S.T.Klaynın yaşadığı evdən 200 dollar pul oğurlaması da müəyyən edilmişdir.

Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu il fevralın 1-də həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması məlum olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov olmaları müəyyən edilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların  rayon ərazisindəki bir mağaza və evdən  ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib. 2-ci PŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evlərin birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb. Saxlanılan şəxsin Binə qəsəbə sakini E.İsmayılov olması, həmçinin əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə, daşıdığına görə məhkumluq həyatı yaşadığı müəyyən edilib. Faktlarla əlaqədar araşdırmalar aparılır.

Oğurluq etdiyi üçün tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki apteklərin birindən 400 manat pul oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il iyulun 30-da rayon ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş T.Mehtizadə saxlanılmışdır.