KRİMİNAL XRONİKA

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.03.2019

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 75 manat pul və 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar - Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılmışlar. Araşdırma aparılır. 

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülmüşdür.  Araşdırma aparılır. 

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır.

Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb. Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılmışlar.