KRİMİNAL XRONİKA

Aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində...

13.04.2019

Aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Sürücü hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də rayon ərazisindəki mağazaların birindən 250 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş R.Bayramlı və Kürdəmir rayon sakini N.Yunusov saxlanılmışlar.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 29-da Bakı şəhər sakini olan bir qadının  450 manat pulu oğurlamaqda şübhəli bilinən paytaxt sakini  X.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-nə keçən gecə rayon ərazisindəki “Azsamand” markalı avtomobildən 2 ədəd ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Əliyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində daha 4  avtomobildən pul və məişət əşyaları oğurlaması müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Əhməd Zeynallının ətrafında Bakı şəhəri BPİ, Binəqədi RPİ 7-ci PB və Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvar-mart ayları ərzində 1 avtomobildən 300 manat, 1  mağazadan 600 manat, 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.