KRİMİNAL XRONİKA

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də...

21.04.2019

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılmışdır. Araşdırma aparılır. 

Aprelin 20-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Abşeron rayon sakini K.Kərimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Qorxmaz İsrafilovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 21-də orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 20-də Bakı şəhər sakini olan bir qadının içərisində 32 manat, mobil telefon və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar E.Əhmədov və D.Ardatyev saxlanılmışlar.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 26-da rayon ərazisindəki evlərin birindən 3350 manat pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini A.Əliyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini olan bir nəfərin 290 manat pulunu oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının 700 manat və sənəd olan pul kisəsini, 1 avtomobildən maqnitofon, 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonu ərazisindəki mağazaların birindən 600 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması da  müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində “Peugeot” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini İ.Həsənov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən “Ford” markalı avtomobili qaçırması, habelə  fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd “İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilmişdir. Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılmışdır.

Aprelin 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birininin mağazasından naməlum şəxs gödəkcəni açıq talama yolu ilə götürüb hadisə yerini tərk etmişdir. Nəsim RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əbdülhadi saxlanılmışdır. Araşdırmalar RPİ tərəfindən aparılır.