KRİMİNAL XRONİKA

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 26-cı PB əməkdaşlarının...

18.05.2019

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da rayon ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq etdiyinə və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Həmidov saxlanılmış və ondan 0,178 qram heroin götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini A.Rüstəmova məxsus “Mercedes” markalı  avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 23-də rayon ərazisindəki dərzixanaların birindən 80 manat pul və şəxsiyyət vəsiqəsi  oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri olan bir nəfərin 100 manat pulunu, iki nəfərin isə mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir. 

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini K.Məmmədovaya məxsus “Hyundai” markalı avtomobildən 90 manat və 50 avro oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılmışdır. 

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 19 nəfər, o cümlədən 9 qadın, 10 azyaşlı saxlanılmışdır.