KRİMİNAL XRONİKA

Avqustun 12-də Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisindən Bakı şəhər sakini...

12.08.2019

Avqustun 12-də Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisindən Bakı şəhər sakini M.Cavadov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Suraxanı RPİ 33-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 16-da rayon ərazisindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Şərifova saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1000 manat oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini D.Əliyevə məxsus “Renault” markalı avtomobili qaçırmaqda, habelə arxa və ön işıqlarını sındırıb Mərdəkan qəsəbəsi ərazisinə atmaqda şübhəli bilinən A.Zülfiyev saxlanılmışdır.

Avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat vermişdir. Araşdırmalarla məlumat təsdiqini tapmamış, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilmişdir. O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir.